Oktyabrın 14-də UEFA Millətlər Liqasında daha yeddi oyun keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, günün maraqlı qarşılaşması B liqasının 2-ci qrupunda oynanılacaq. Rusiya millisi Soçidəki “Fişt Arena”da Türkiyə yığmasını qəbul edəcək. Bu komandaların Türkiyədə ilk qarşılaşması Rusiya seçməsinin qələbəsi ilə başa çatmışdı (2:1). Qrupa iki turdan sonra 4 xalla Rusiya millisi başçılıq edir, 3 xalla Türkiyə ikinci, bir xalla İsveç isə üçüncü yerdədir.
Turun digər maraq doğuran qarşılaşması A liqasının 3-ci qrupunda yer alan Polşa və İtaliya yığmaları arasında oynanılacaq. Bu oyunda beşqat dünya çempionu İtaliya millisi qələbə qazanaraq Portuqaliya yığması ilə xal fərqinin azaltması mütləqdir. Belə ki, hazırda portuqaliyalılar 6 xalla turnir cədvəlində birinci, aktivlərində 1 xalı olan İtaliya və Polşa isə ikinci, üçüncü yerləri bölüşürlər.
D liqasının 4-ci qrupunda yer alan Azərbaycan yığması Bakı Olimpiya Stadionunda Malta komandasını qonaq edəcək. Oyun saat 20:00-da başlayacaq. Qrupun digər qarşılaşmasında isə ikinci turda Farer Adaları doğma meydanda Kosovo seçməsin qəbul edəcək. Qurban Qurbanovun yetirmələri üç turdan sonra 5 xalla qrupda ikinci yeri tuturlar. Kosovo 7 xalla birinci, Farer Adaları 3 xalla üçüncü, Malta isə 1 xalla sonuncu pillədədir.
Bu gün, həmçinin C liqasının 4-ci qrupunda Rumıniya millisi Serbiya yığmasını, Litva seçməsi isə Monteneqro komandasını qəbul edəcək. Üç turdan sonra bu qrupa 7 xalla Serbiya başçılıq edir, 5 xalla Rumıniya ikinci, Monteneqro 4 xalla üçüncü, xalı olmayan Litva yığması isə dördüncü yerdə qərarlaşıb.
C liqasının 1-ci qrupunda isə bir oyun oynanılacaq Albaniya seçməsi İsrail yığmasının qonağı olacaq.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.