Gənclər Heydər Əliyev Muzeyini ziyarət ediblər - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclərin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil edilib.
Gənclərə muzeyin fəaliyyəti və eksponatlar barədə məlumat verilərək bildirilib ki, Naxçıvan şəhərinin mərkəzində yerləşən muzey 10 may 1999-cu ildə fəaliyyətə başlayıb. Buradakı zəngin fond materialları, orijinal sənədlər və eksponatlar dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyinə həsr olunmuş siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri barədə müfəssəl məlumat verir.
Qeyd edilib ki, muzeydə ümummilli lider Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunan stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid şəxsi sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı tarixi müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri nümayiş etdirilir.
Gənclərin diqqətinə çatdırılıb ki, ulu öndərimizin siyasi fəaliyyətinin mühüm bir hissəsini gənclərə qayğı, təhsil, idman və digər müvafiq sahələrin inkişafını təmin etmək missiyaları təşkil edib. Muzeydəki tarixi sənədlər, fotoşəkillər, eləcə də kitab və dövri mətbuat nümunələrində də bu barədə dolğun məlumatlar yer alır.
Sevgili Mustafazadə