Azərbaycan I Divizionunun XIV turu çərçivəsində "Araz- Naxçıvan" "Neftçi-2"ni qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çempionatın maraq doğuran qarşılaşması Naxçıvan Muxtar Respublika Stadionunda baş tutub. Görüşdə ev sahibi matça sürətli başlayıb. Oyunun 5-ci dəqiqəsində hesab açılıb. "Araz-Naxçıvan"ın heyətində Həzrət İsayev fərqlənib. 2 dəqiqə sonra qonaqların heyətində Vüsal Əsgərov hesaba tarazlıq gətirib. 1-1.
İlk hissənin sonuna yaxın "qırmızı-ağlar" penalti qazanıb. Çempionatın ən sərrast futbolçusu Orxan Əliyev yenidən komandasını irəli çıxarıb. Hissə bu hesabla yekunlaşıb. 2-1.
Matçın ikinci hissəsində "Neftçi-2" komandası bir neçə dəfə hesabı bərabərləşdirməyə yaxın olsa da, əvəzində Naxçıvan təmsilçisi rəqib qapısından bir top daha keçirib. 72-ci dəqiqədə Bayraməli Qurbanov hesabı 3-1 edib. Oyunun sonları gərginliklə yadda qalıb. 90 dəqiqəyə əlavə edilmiş vaxtda "Araz-Naxçıvan"ın heyətində Emil Bayramov, qonaqların heyətində isə Bahadur Quliyev qırmızı vərəqə alaraq meydandan qovulub.
Beləliklə "Araz-Naxçıvan" çempionatın əsas görüşündə də qələbə qazanaraq xallarının sayını 32-yə çatdırıb