İdmançılar muzeyləri ziyarət ediblər - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının üzvləri bir sıra muzeyləri ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının məşqçi-müəllim və idmançıları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar. Bildirilib ki, 2014-cü ildə yenidən bərpa olunaraq muzey kompleksi kimi fəaliyyətə başlayan tarixi məkanda nümayiş etdirilən nümunələr bəşər sivilizasiyasının ilk beşiklərindən olan Naxçıvan diyarının əsrlər boyu Şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi olduğunu və bu torpağın antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zənginliyini sübut edir. Qeyd olunub ki, hazırda muzeyin fondunda 500-dən çox eksponat var.
Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının üzvləri isə “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyini ziyarət ediblər. İdmançılara məlumat verilib ki, 2014-cü ildən fəaliyyətə başalayan muzeydə nümayiş etdirilən eksponatlar bir daha sübut edir ki, Əlincəqala orta əsrlərdə Azərbaycanda yaranmış dövlətlərin tarixində əvəzolunmaz rol oynayıb, xarici düşmənlərə qarşı müdafiə istehkamı kimi istifadə edilib.
Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının məşqçi-müəllim və idmançıları “Xan sarayı” Dövlət Tarix-Memarlıq, Möminə xatun və Açıq Səma Altında Muzey Kompleksində olublar. Onlar kompleksə daxil olan hər üç tarixi və turizm əhəmiyyətli məkan barədə ətraflı məlumat alıblar.
Məhluqə Rzayeva