Gənclər hərbçilərimizlə həmrəylik nümayiş etdiriblər - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Əlahiddə Ümumqoşun Komandanlığı və “Gənc vətənpərvərlər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənclərin zabit və əsgərlərlə görüşü təşkil olunub.

Hərbi hissələrdən birində keçirilən görüşdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Səmimi keçirilən görüşdə sarsılmaz xalq-ordu birliyindən söhbət açılıb, bu həmrəylik nəticəsində qüdrətli ordumuzun parlaq qələbələr qazandığı qürurla vurğulanıb.

Hərbi hissənin zabiti, polkovnik-leytenant Anar Nəbiyev vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və rəşadətli ordumuzun yüksək döyüş qabiliyyəti nəticəsində 30 ildir işğalda olan torpaqlarımız qısa müddətdə azad edildi.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İlahə Haqverdiyeva bildirib ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində rəşadətli hərbçilərimizin, qəhrəman şəhidlərimizin şərəfli döyüş yolu ilə tanışlıq böyük önəm kəsb edir. Buna görə də gənclərlə birlikdə şəhid ailələrinin ziyarət olunması, qazi və hərbçilərlə görüşlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Həmrəylik günü ərəfəsində hərbçilərimizlə həmrəylik nümayiş etdirilməsi də bu tədbirlərin davamıdır.

Sonra gənclər hərbi hissə ilə tanış olublar.

Könüllülərə müxtəlif növ atıcı silahlar, zirehli texnika, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi təyinatlı avtomobillərin taktiki-texniki göstəriciləri barədə ətraflı məlumat verilib. Gənclər həmçinin əsgərlərin sosial məişət şəraiti ilə də tanış olublar.

Hərbçilər tərəfindən icra olunan əlbəyaxa döyüş elementləri, müxtəlif təlim-tapşırıqlar izləyənlərin alqışları ilə qarşılanıb.

Görüşün proqramına uyğun olaraq hərbi hissənin özfəaliyyət kollektivi tərəfindən konsert proqramı da nümayiş etdirilib.

Gənclərdən ibarət “Gülən üzlər” şən və hazırcavablar klubu komik səhnəciklərlə hərbçilərimizə gülüş bəxş ediblər.

Yunis Allahverdiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: