Qadın boksçularımızdan ilk qələbə - FOTOLAR
Gənc boksçular arasında keçirilən Azərbaycan birinciliyində oğlan boksçularla yanaşı, yeniyetmə və gənc, həmçinin qadın boksçular olmaqla 7 çəkidə ölkənin ən güclüləri müəyyənləşib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Boks Federasiyasının idmançıları Lalə Namazlı qadınlar arasında 63 kq çəki dərəcəsi üzrə ikinci, Gülay Hümbətova isə 54 kq çəki dərəcəsi üzrə üçüncü yerə layiq görülüb. Bu göstəricilər Naxçıvan boksu tarixində qadın idmançıların qazandığı ən yüksək nəticədir.
Qazaxıstanın Karaqanda şəhərində isə boks üzrə beynəlxalq turnirə yekun vurulub. Azərbaycan millisi Qazaxıstan, Kuba, Gürcüstan, Tacikistan, Qırğızıstan və Kambocadan 150-dək idmançının qatıldığı yarışı 5 qızıl, 2 gümüş və 5 bürünc medalla başa vurub. Bu nəticə ilə yığmamız komanda hesabında birinci, Qazaxıstan ikinci, Kuba üçüncü yeri tutub.
Milli komandamızın heyətində yer alan Naxçıvan boks məktəbinin yetirmələri Tayfur (60 kq) və Sərxan Əliyev (71 kq) qardaşları mübarizəyə dörddəbir final mərhələsindən qoşularaq qazaxıstanlı rəqiblərini məğlub ediblər. Lakin yarımfinalda Sərxan Əliyev millimizin üzvü Rəşid Həsənova, Tayfur Əliyev isə Ruslan Kuzembayevə (Qazaxıstan) məğlub olaraq bürünc medalla kifayətləniblər.