Argentinanın paytaxtı Buenos-Ayres şəhəri 2032-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər. NUHÇIXAN xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax jurnalistlərə açıqlamasında deyib.
“Yeniyetmələrin III Yay Olimpiya Oyunlarından sonra Buenos-Ayresin Olimpiya Oyunlarına ev sahibliyi edə biləcəyinə heç kəs şübhə etməsin”, - deyə Tomas Bax bildirib. BOK prezidenti jurnalistlərdən birinin “Bu, 2032-ci ildə baş verə bilərmi?” sualına müsbət cavab verib. Bundan əvvəl İndoneziya, eləcə də Cənubi və Şimali Koreya birlikdə 2032-ci ildəki Olimpiadaya ev sahibliyi etmək arzusunda olduqlarını bildiriblər.
Xatırladaq ki, XXXII Yay Olimpiya Oyunları 2020-ci ildə Tokioda keçiriləcək. Növbəti olimpiadalara isə 2024-cü ildə Paris, 2028-ci ildə Los-Anceles şəhərləri ev sahibliyi edəcək. 2032-ci ildə Olimpiya Oyunlarını qəbul edəcək şəhərin adı Beynəlxalq Olimpiya Komitəsinin 2025-ci ildə keçiriləcək iclasında müəyyənləşəcək. Argentinanın paytaxtı oktyabrın 6-18-də Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına ev sahibliyi edib.