Yaponiyada keçirilən qadınlar arasında voleybol üzrə dünya çempionatına oktyabrın 20-də yekun vurulub. Mundialın finalında İtaliya yığmasına qalib gələn Serbiya milli komandası dünya çempionu adına sahib olub.
NUHÇIXAN xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın birinci setində italiyalılar qalib gəliblər – 21:25. Lakin Serbiya voleybolçuları ikinci setdə təşəbbüsü tam ələ alaraq böyük üstünlüklə qələbə qazanıblar – 25:14. Komandaların gərgin idman mübarizəsi apardıqları üçüncü set italiyalıların 23:25 hesablı çətin qələbəsi ilə başa çatıb. Dördüncü setdə serbiyalılar 25:19 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdiriblər – 2:2. Qarşılaşmanın sonuncu – beşinci setində təşəbbüsü əldən verməyən Serbiya yığması 15:12 hesabı ilə qalib gəlib. Beləliklə, final qarşılaşmasında ümumi hesabda 3:2 hesabı ilə qələbə qazanan Serbiyanın qadın voleybolçuları dünya çempionu olublar.
Dünya çempionatında üçüncü yer uğrunda görüşdə Niderland seçməsini 3:0 (25:22, 25:14, 25:14) hesabı ilə məğlubiyyətə uğradan Çin voleybolçuları bürünc medallara layiq görülüblər.
Xatırladaq ki, Azərbaycanın qadın voleybolçuları çempionatın birinci qrup mərhələsində C qrupunda mübarizə aparıblar. Həmin qrupda dördüncü yeri tutan Azərbaycan yığması növbəti mərhələyə yüksəlib. Milli komandamız çempionatda mübarizəni ikinci qrup mərhələsində dayandırıb.