NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənc könüllülərin Xatirə Muzeyinə ekskursiyası təşkil olunub. Məqsəd gəncləri Vətən uğrunda şəhid olan igid oğullar haqqında məlumatlandırmaq, onların tərcümeyi-halları, fotoları və ailələri tərəfindən muzeyə bağışlanan xatirə əşyaları ilə tanış etməkdir.
Ekskursiyada 30 gənc iştirak edib. Təcavüzkar erməni daşnaklarının müxtəlif dövrlərdə Azərbaycan torpaqlarında törətdiyi soyqırımların, qanlı cinayətlərin izlərinin öz əksini tapdığı eksponatların hər biri barədə ziyarətçilərə məlumat verilib. Ekspozisiyada müxtəlif tarixi hadisələrə aid sənəd və materiallar, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının, Milli və Sovet İttifaqı qəhrəmanlarının, birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin fotoşəkilləri, şəxsi əşyaları və onlara aid olan digər materiallar yer alır.
Ekskursiya zamanı vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib. Ümummilli lider Heydər Əliyevin azərbaycanlılara qarşı törədilən soyqırımlar və faciələrlə bağlı imzaladığı Sərəncamlarla da yaxından tanış olan qonaqlara bu barədə də ətraflı məlumat verilib. 20 Yanvar faciəsi ərəfəsində və başqa vaxtlarda Naxçıvan Muxtar Respublikasının sərhədlərində baş verən döyüşlərdə Vətən oğullarının erməni işğalçıları ilə mübarizəsindən, göstərdikləri qəhrəmanlıqlardan bəhs edən eksponatlar gənclərin diqqətini xüsusilə çəkib.
Qeyd olunub ki, 44 günlük zəfər yürüşündə şanlı Azərbaycan ordusu bütün şəhidlərimizin qisasını aldı. Bu tarixi qələbəyə gedən yolda Naxçıvandan cəbhəyə yollanan hərbi qulluqçular əsl qəhrəmanlıq nümayiş etdiriblər. Muzeydə “Vətən Müharibəsi Şəhidləri” və tarixi zəfərimizdən bəhs edən “Zəfər” guşələri yaradılıb.
Yeni guşələr gənclərin xüsusi marağına səbəb olub.
Şəfa Səfərova