Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.
NUHÇIXAN xəbər verir ki, ikinci yarış günündə 57, 65, 79 və 92 kiloqram çəkidə çıxış edən güləşçilər mübarizə aparıblar.
Mübarizəyə 1/8 finaldan qoşulan Cəbrayıl Həsənov çətinlik çəkmədən Puerto-Riko idmançısına qalib gəlib. Yığmamızın kapitanı 1/4 finalda Belarus təmsilçisi üzərində də inamlı qələbə qazanaraq yarımfinala adlayan ilk güləşçimiz olub. Finalın bir addımlığında Cəbrayıl əsl əzmkarlıq nümayiş etdirib. İranlı güləşçi 3:0 hesabı ilə önə keçsə də, son yarım dəqiqədə möhtəşəm geridönüş edən həmyerlimiz karyerasında ilk dəfə finala yüksəlib. C.Həsənov oktyabrın 22-də finalda amerikalı Kayl Duqlas Deyklə qarşılaşacaq.
Hacı Əliyev mundialla erkən vidalaşıb. Bir ay əvvəl Belarusda dizindən zədələnən 3 qat dünya çempionumuz bunun acısını kubalı güləşçi ilə görüşdə çəkib.