Sabah bizi vacib bir oyun gözləyir. Hər iki komandanın turnir cədvəlində vəziyyəti yaxşı deyil. Bu görüş haqqında çox da danışmağa ehtiyac yoxdur. Komandamız bu oyuna ciddi hazırlaşıb. Düşünürəm ki, sabah bizi gərgin idman mübarizəsi gözləyir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Ukrayna təmsilçisi "Vorskla"nə qəbul edəcək “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oktyabrın 24-də təşkil olunan mətbuat konfransında deyib.
Qırx altı yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasındakı texniki məğlubiyyətdən də danışıb: “Hər şey qaydasındadır. Azərbaycan Premyer Liqası ilə Avropa Liqası fərqli turnirlərdir. Hər komandada səhvlər olur. Onu aradan qaldırmaq üçün nə lazımdırsa, edirik”.
“Vorskla” məhsuldar komandadır. Bu komanda barəsində çoxlu məlumatımız var. Müdafiədə diqqətli olmalı, eyni zamanda hücuma da çıxmağı bacarmalıyıq. Azarkeşlər hər zaman bizimlə olublar. Onların yenə də öz yerlərini alacaqlarına inanıram”, - deyə Q.Qurbanov əlavə edib.
“Qarabağ”-“Vorskla” oyunu oktyabrın 25-də Bakı Olimpiya Stadionunda saat 20:55-də start götürəcək.
Qeyd edək ki, “Qarabağ” ilk turda səfərdə “Sportinq”ə 0:2, növbəti görüşdə Bakı Olimpiya Stadionunda “Arsenal”a 0:3 hesabı ilə məğlub olub.