Minsk 2021-ci ildə UEFA Superkuboku uğrunda matça ev sahibliyi etmək istəyir

A- A A+

Belarus Futbol Federasiyası (BFF) Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Superkuboku uğrunda matçın Minskdə, yenilənmiş “Dinamo” stadionunda keçirilməsinə maraq göstərir. NUHÇIXAN xəbər verir ki, bu barədə məlumatı BFF-nin mətbuat xidməti yayıb.

Matçı qəbul etməyə hazır olan bütün assosiasiyaların müraciətləri 2019-cu il fevralın 15-nə qədər UEFA-ya göndərilməlidir. UEFA İcraiyyə Komitəsi 2021-ci ildə UEFA Superkuboku uğrunda matçı qəbul edəcək assosiasiyanı 2019-cu ilin may-iyun aylarında açıqlayacaq. 2019-cu ildə UEFA Superkuboku uğrunda matçı Türkiyənin İstanbul şəhəri, 2020-ci ildə Portuqaliyanın Portu şəhəri qəbul edəcək.

BFF daha əvvəl 2020-ci ildə Avropa çempionatının final mərhələsinin matçlarının, habelə 2020-ci ildə UEFA Superkuboku matçının Minskdə keçirilməsi üçün müraciətlər edib. Hər iki müraciət rədd edilib.

Oktyabr ayında “Dinamo” stadionuna UEFA-nın ən yüksək dördüncü kateqoriyası verilib. Stadion 22 mindən çox azarkeş üçün nəzərdə tutulub.

UEFA Superkuboku uğrunda matç 1973-cü ildən oynanılır və onun ilk sahibi Niderlandın “Ayaks” klubudur. 1999-cu ilə qədər bu mükafat uğrunda Avropa Çempionlar Kuboku ilə Kuboklar Kubokunun sahibləri mübarizə aparıblar. Superkubok uğrunda iki matç oynanılır. Son 20 ildə bu mükafat qazanmaq üçün Çempionlar Liqası ilə UEFA Kubokunun (sonralar Avropa Liqası) qalibləri mübarizə aparırlar.

İspaniyanın “Barselona” və İtaliyanın “Milan” klublarının hər biri beş dəfə Superkuboku qazanıb. Superkubokun hazırki sahibi Madridin “Atletiko” klubudur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: