Naxçıvan atletlərindən daha bir uğur - FOTOLAR
Bakı şəhərində 18 yaşadək idmançıların Qış Azərbaycan Birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yarışda Naxçıvanı təmsil edən atletlər uğurlu nəticələrə nail olublar.
Naxçıvan Atletika Federasiyasının idmançısı 14 yaşlı Aysu Abbasova 1500 metr məsafəyə qaçışda 5 dəqiqə 52.53 saniyəlik göstərici ilə qalib olub. Sədərək rayonundan olan təmsilçimiz 800 metr məsafədə isə ikinci olmaqla yarışı bir qızıl və bir gümüş medalla tamamlayıb.
60 metr məsafədə sprinterlərin mübarizəsinə qatılan Onur Babayev finişə ikinci çataraq gümüş medala layiq görülüb.
Naxçıvanı təmsil edən digər atletimiz Kamran Məmmədov da 400 metr məsafədə ikinci olub.
Qeyd edək ki, Respublika Olimpiya Mərkəzində reallaşan yarışda idmançılar 60, 200, 400, 800, 1500, 3000 metr məsafələrə qaçış, 4x200 metr estafet qaçışı, uzunluğa tullanma, hündürlüyə tullanma və nüvə itələmə növləri üzrə yarışıblar.