Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatının altıncı günündə 4 çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
NUHÇIXAN xəbər verir ki, dünya çempionu Rəsul Çunayev (72 kq) mübarizəyə 1/8 finaldan qoşulub və yapon rəqibi Tomohiro İnoeyə qalib gəlib. Dörddəbir finalda təmsilçimiz İran pəhləvanı Məhəmmədəli Gerayıdan üstün olub və yarımfınala yüksəlib.
Avropa çempionu Eldəniz Əzizli (55 kq) ilk mərhələdə macar rəqibi Jozef Andrasini cəmi 1 dəqiqəyə məğlub edib. Növbəti mərhələdə onun rəqibi Çin təmsilçisi Liquo Çao olacaq.
Çempionatda 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Taleh Məmmədov təsnifat mərhələsində çətinliklə də olsa, norveçli həmkarı Stiq-Andre Berqeni üstələyib. Daha sonra güləşçimiz Taleh 1/8 finalda erməni güləşçisi Slavik Qalstyandan güclü olub.
Rafiq Hüseynov (82 kq) da yarışa 1/8 finaldan başlayıb və bolqarıstanlı Daniel Tihomirov Aleksandrov ilə gərgin keçən görüşdə əzmkar qələbəyə sevinib. Hesabda 0:3 geridə olsa da, yekun nəticə Hüseynovun xeyrinə olub.