Naxçıvan məktəbliləri arasında spartakiada keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində muxtar respublikada fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında spartakiadanın açılış və bağlanış mərasimi keçirilib.
Tədbirdə qeyd edilib ki, muxtar respublikada gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması daim diqqət mərkəzində saxlanılır, yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır. Bu sahənin inkişafı üçün mütəmadi olaraq idman yarışları təşkil edilir. Bu spartakiada da məhz həmin yarışlardan biridir. Tədbir Naxçıvan Dövlət Filamoniyasının mahnı və rəqs ansamblı və Naxçıvan şəhər mədəniyyət şöbəsinin “Şəlalə” instrumental rəqs ansamblının ifasında konsert proqramı ilə davam edib. Mükafatlandırma mərasimində ilk olaraq şahmat üzrə keçirilən yarışların qalibləri kürsüyə dəvət olunub. Şahmatçı qızlar arasında Nəsrin Babayeva (Naxçıvan), Nazlı Hümbətova (Naxçıvan) və Zərrin Məmmədli (Ordubad), oğlanlar arasında isə Seyid Hüseyn (Ordubad), Ayxan Zeynalov (Şərur) və Ərturan İsmayılov (Naxçıvan) ilk üç pillədə qərarlaşıblar.
Yüngül atletika yarışlarında 100 metr məsafədə qızların mübarizəsində Nərmin Mehdiyeva (Culfa), Tamella Qurbanova (Naxçıvan) və Aytən Rəhimova (Naxçıvan) finiş xəttinə ilk üç pillədə çatıblar. Bu məsafədə oğlanlar arasında eyni nəticəni Fərid Əsgərli (Naxçıvan), İlkin Rəsulov və Nurxan Əliyev (hər ikisi Heydər Əliyev adına Hərbi Lisey) də təkrarlayıb. 400 metr məsafədə qızlar arasında Xatun Oruclu (Ordubad), Nərminə Əliyeva (Sədərək) və Zeynəb Bağırova (Şərur), oğlanlar arasında isə Vüsal Fərəcov, Hidayət İsmayılov (hər ikisi Heydər Əliyev adına Hərbi Lisey) və Səfər Tağıyev (Naxçıvan) qalib adını qazanıblar. Basketbol yarışlarında bütün rəqibləri üzərində qələbə qazanan Culfa komandası spartakiadanın qalibi olub. Digər iki pillədə Naxçıvan şəhər və Babək rayon komandaları qərarlaşıb.
Qızlar arasında stolüstü tennis yarışlarının qalibi Naxçıvan idmançısı Nurtac Hüseynova olub. Gültəkin Süleymanova (Şərur) və Selcan Hüseynova (Sədərək) isə yarışları ikinci və üçüncü pillədə başa vurublar. Oğlanlar arasında isə Sənan Məmmədov (Şərur) qalib adını qazanıb. İsgəndər Quliyev (Naxçıvan) ikinci, Yusif Yusifli (Culfa) üçüncü olub. Spartakiadada qızlar arasında keçirilən həndbol üzrə yarışlarında Şərur rayon komandası qalib gəlib. Naxçıvan Qarnizonu tam orta məktəbinin və Naxçıvan Qızlar Liseyinin komandaları isə ikinci və üçüncülüklə kifayətləniblər.
9 komandanın mübarizə apardığı “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə yarışı Naxçıvan şəhər komandası birinci yerdə başa vurub. Digər iki pillədə Babək və Ordubad rayon komandaları qərarlaşıblar.
Sonda qalib idmançılar və komandalar mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov, Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov, təhsil naziri Rəhman Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov, Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov və Basketbol Federasiyasının sədri Mahir Əliyev təqdim ediblər.
Yarışlar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Şahmat, Basketbol, Yüngül Atletika və Atıcılıq federasiyalarının təşkilatçılığı ilə keçirilib.