Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Mərkəzində veteran cüdoçuların Azərbaycan çempionatı keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, çempionatda iştirak edən naxçıvanlı veteran idmançı Məcid Rzayev maksimal nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. M1 yaş kateqoriyası üzrə 90 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl iki qalibiyyətin ardınca final görüşündə "Əhmədli" İdman Klubunun təmsilçisini də üstələyərək qızıl medala sahib olub.
Yarışda 88 cüdoçu 3 yaş kateqoriyası üzrə 19 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb. Yarışın əsas məqsədi Avropa və dünya çempionatları üçün seçim etməklə Azərbaycanın veteran cüdoçulardan ibarət milli komandasının heyətini gücləndirmək, təcrübəli idmançıların bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda gənc nəsilə örnək olaraq sağlam həyat tərzinin təbliğidir.