Selçuk Bayraktar Kahramanmaraşda gənclərimizin fəaliyyət göstərəcəyi qadın dəstək mərkəzinin açılışında iştirak edib - FOTOLAR
“Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar ötən gün Kahramanmaraşda fəaliyyət göstərən Azərbaycan könüllülərinə baş çəkib, onların düşərgəsi və fəaliyyətləri ilə maraqlanıb. Bundan əlavə o həyat yoldaşı Sümeyye Ərdoğan ilə birlikdə gənclərimizin fəaliyyət göstərəcəyi qadın dəstək mərkəzinin açılışında iştirak edib.
Azərbaycan Gənclər Fondundan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Selçuk Bayraktar Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyalarını, habelə könüllü gənclərimiz qardaş ölkədəki bu nəcib fəaliyyətini çox yüksək qiymətləndirərək dövlətimizə və xalqımıza bu çətin günlərdəki həmrəyliyinə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, təbii fəlakətdən zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatya bölgələrindəki çadır şəhərciklərində 20 gündən çoxdur könüllü kimi çalışan azərbaycanlı gənclər minlərlə zərərçəkmiş şəxsə xidmət edir. Zərərçəkmiş şəxslər üçün gətirilən qida, geyim, dərman və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir. Eləcə də yerli əhaliyə səyyar şəkildə su və isti içkilər paylayır və digər dəstəkverici xidmətləri göstərirlər. Həmçinin könüllü gənclərimiz onlarla kəndə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində iştirak ediblər.