Azərbaycan gimnastı Nikita Simonov dünya kuboku yarışlarının finalına yüksəlib

A- A A+

Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarının birinci gününə yekun vurulub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirin ilk günündə kişilər sərbəst hərəkətlər, paralel qollar, halqalar, qadınlar isə dayaqlı tullanama və müxtəlif hündürlüklü qollar üzrə təsnifat yarışlarında güclərini sınayıblar.

Dünya kuboku yarışlarının startında üç Azərbaycan gimnastı mübarizə aparıb. Kişilərin mübarizəsində halqalar ilə yarışda Nikita Simonov 14,733 xalla təsnifatda birinci olub və finala yüksəlib. Digər təmsilçimiz İvan Tixonov paralel qollarda 13,400 xalla 15-ci olub və mərhələ adlaya bilməyib.

Qadın gimnastların yarışında Nazənin Teymurova mübarizə aparıb. Dayaqlı tullanma yarışlarında təmsilçimizin çıxışı 12,499 xalla qiymətləndirilib. Təsnifatda onuncu olan gimnast finala vəsiqə qazana bilməyib.

Yarışlarda rekord sayda - 49 ölkədən 173 idmançı iştirak edir.

Dünya kuboku yarışlarının yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Ən güclü idmançıların çətin və əzmkar mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışları üçün 7, final mərhələləri üzrə isə 12 manatdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: