Bakı daha bir mötəbər yarışa ev sahibliyi edəcək. Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə “Baku Open 2023” beynəlxalq şahmat festivalı keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan mötəbər turnir “Baku Crystal Hall”da olacaq.
Festivalda şahmatçılar reytinqə uyğun olaraq üç qrup üzrə (A,B və C) mübarizə aparacaqlar. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.
Turnirin ümumi mükafat fondu 55 min ABŞ dolları təşkil edəcək. Yarışın A qrupunun qalibi olan şahmatçı 12 min dollar və xüsusi hazırlanan kuboku qazanacaq. C qrupunda hər yaş üzrə qaliblər Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam ediləcək.
Yarışda ilk tur mayın 4-də saat 14:30-da başlayacaq. Festivala mayın 12-də yekun vurulacaq.