Bu gün futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, XI tur çərçivəsində “Qalatasaray” “Fənərbağça”nı qəbul edəcək. “Türk Telekom Arena”da baş tutacaq oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Fatih Terimin rəhbərlik etdiyi kollektiv ötən həftə “Yeni Malatyaspor”a 2 cavabsız qolla uduzmaqla liderliyi əldən verib. Cari mövsümdə 6 qələbə qazanıb, 3 dəfə məğlub olan və 1 matçda heç-heçə edən son çempion 19 xalla 3-cü pillədədir. Birinci sıradakı “Başakşehrin” 21, ikinci yerdəki “Kasımpaşa”nın isə 19 xalı var.
“Fənərbağça” rəhbərliyi ötən tur “Ankaragücü”nə 1:3 hesablı məğlubiyyətdən sonra baş məşqçi Fillip Kokunu istefaya göndərib. “Sarı-lacivərdliler”i oyuna hollandiyalı mütəxəssisin köməkçisi Ervin Kuman çıxaracaq.
“Qalatasaray”da zədəli Fernando Rejes, eləcə də əməliyyat olunan Emre Akbaba və Yuto Naqatomo derbidə forma geyinə bilməyəcək. Mariano Filyo isə cəzalı olduğu üçün matçı kənardan izləyəcək. Henri Onyekuru, Sofyan Fequli, Serdar Aziz ve Eren Derdiyokun isə mikro-zədələri var. Lakin onların meydana çıxmaq ehtimalları yüksəkdir.
“Fənərbağça” ötən tur qırmızı vərəqə alam İslam Slimaninin xidmətindən yararlana bilməyəcək. Mehmet Topal, Mehmet Ekici, Oğuz Kağan və Tolqa Ciyerci isə zədəlidir.
Bu gün baş tutacaq oyun 109 illk rəqabətin 388-ci derbisi olacaq. “Qalatasaray” indiyə qədər 123, “Fənərbağça” isə 146 dəfə qalib gəlib. 118 görüşdə isə heç-heçə qeydə alınıb. “Sarı-lacivərdlilər”in vurduğu 532 qola “Cim-Bom” 482 topla cavab verib.
“Qalatasaray” və “Fənərbağça” 61-ci mövsümü oynanılan Super Liqada 122 dəfə qarşılaşıb. Burada da qonaqlar üstündür – 50:33. Bərabərliklə başa çatan matç sayı isə 39-dur. Top fərqinə gəlincə, “Cim-Bom” burada da geridədir – 116:154.
Bu komandaların son 10 rəsmi duelindən 5-i heç-heçə başa çatıb. “Fənərbağça” 3, “Qalatasaray” 2 dəfə qalib gəlib.