Aprelin 17-dən 19-dək Qazaxıstanın paytaxtı Astanada şahmatın blitz növü üzrə Qazaxıstan komandası ilə dünya yığması arasında yoldaşlıq görüşü keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, görüş aprelin 7-dən mayın 1-dək Astanada keçiriləcək Dinq Lirenlə Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda oyuna həsr olunacaq.
Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən dünya yığmasına Azərbaycan millisinin üzvü, Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadə də dəvət olunub.
Həmyerlimizlə yanaşı, dünya komandasında Hou Yufan, Nana Dzaqnidze və digər tanınmış şahmatçılar çıxış edəcəklər.