Noyabrın 4-də Azərbaycan Premyer Liqasının 10-cu turuna yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, turun son matçı “Bakcell Arena” stadionunda oynanılıb. “Səbail” klubu “Zirə”nin qonağı olub. Qarşılaşma qolsuz, heç-heçə ilə başa çatıb.
Oyunun ilk hissəsində komandalar qapılar qarşısında təhlükəli vəziyyət yarada bilməyib. Qarşılaşmanın 60-ci dəqiqəsində “Səbail”in heyətində Şəhriyar Rəhimov ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb.
Bundan sonra say üstünlüyünə yiyələnən “Zirə” bir neçə təhlükəli epizod yaradıb. Amma “Səbail”in qapıçısı Emil Balayev komandasını qoldan xilas edib. Beləliklə, görüş qolsuz yekunlaşıb.
Digər oyun isə Qəbələ şəhər stadionunda “Qəbələ” və “Sabah” komandaları arasında olub. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 5-ci dəqiqədə Ceyms Adeniyi açıb. Bundan 10 dəqiqə sonra isə Stiven Monroz “Qəbələ”nin ikinci qolunu vurub. “Sabah” təsəlli qoluna 52-ci dəqiqədə imza atıb. Bəxtiyar Soltanov fərqi azaltsa da, komandanın bundan artığına gücü çatmayıb.
Xatırladaq ki, turun ilk oyun günündə “Neftçi” səfərdə “Keşlə”ni 1:0, “Qarabağ” evdə “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, on turdan sonra turnir cədvəlinə 25 xalı olan “Neftçi” klubu başçılıq edir. Ağdamın “Qarabağ” komandası 20 xalla ikinci, debütant “Sabah” isə 16 xalla üçüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq “Səbail” (15), “Qəbələ” (12), “Sumqayıt” (11), “Keşlə” (6), “Zirə” (6) qərarlaşıb.