“Şahin” hərbi-idman yarışlarında Naxçıvanı təmsil edəcək komanda məlum olub - FOTOLAR
Ümumtəhsil məktəblərinin şagirdləri arasında “Şahin” hərbi-idman oyunu üzrə muxtar respublika birinciliyinin final mərhələsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, ilk iki turda məktəbdaxili seçim mərhələsi və rayon (şəhər) birinciliklərini uğurla adlayan komandalar yarışda iştirak edib.
Hər birinin heyətində 10 oğlan və 4 qız olmaqla, ümumilikdə 7 komanda qələbə uğrunda mübarizə aparıb. Hər mərhələ münsiflər heyəti tərəfindən 10 ballıq sistem üzrə qiymətləndirilib və nəticələr qayda pozuntuları da nəzərə alınmaqla ümumi şəkildə hesablanıb.
Ən yüksək göstərici ilə “Naxçıvan” komandası muxtar respublika birincisi kimi ölkə üzrə final mərhələsində iştirak etmək hüququ qazanıb. Şahbuz və Ordubad məktəbliləri yarışı müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda tamamlayıblar. İlk üçlükdəki komandalara və üzvlərinə diplom, fəxri fərman və kubok təqdim edilib.
Qeyd edək ki, məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına kömək göstərilməsi məqsədilə keçirilən “Şahin” hərbi-idman oyununun final mərhələsi may ayında Bakı şəhərində keçiriləcək.
Yarış Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil, Fövqəladə Hallar nazirlikləri, Əlahiddə Ümumqoşun Ordu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin birgə təşkilatçılığı ilə baş tutub.