Poliatlon çoxnövçülüyü üzrə final mərhələsində muxtar respublikanı “Şərur” komandası təmsil edəcək - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, çağırışaqədər və çağırışyaşlı məktəblilər arasında "Vətənin Müdafiəsinə Hazıram!" poliatlon çoxnövçülüyü üzrə muxtar respublika birinciliyinin final mərhələsi reallaşıb.
Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən yarışa rayon (şəhər) mərhələlərinin qalibləri olmaqla, ümumilikdə 8 komandadan 40 şagird qatılıb.
İştirakçılar proqram üzrə 100 metr məsafəyə qaçış, turnikdə dartınma, qumbaraatma və 2000 metr məsafəyə kros qaçışı üzrə mübarizə aparıblar. Qalib və mükafatçılar müvafiq yarışlarda toplanan ümumi xalların cəminə əsasən müəyyənləşib.
Yekun nəticəyə əsasən "Şərur" komandası qalib adına layiq görülüb. Bununla da komanda ölkə üzrə final mərhələsində muxtar respublikanı təmsil etmək hüququ qazanıb. Ordubad rayonu və Babək şəhərini təmsil edən komandalar yarışı müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda tamamlayıblar.
İlk üçlükdəki komandalar diplom, fəxri fərman və kubokla mükafatlandırılıblar.