Azərbaycan cüdoçusu Hidayət Heydərov Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında beşinci olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çempionatda 73 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz moldovalı Adil Osmanov, ABŞ təmsilçisi Cek Yonezuka və kanadalı Artur Margelidona qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə ikiqat Avropa çempionu italiyalı Manuel Lombardoya məğlub olan H.Heydərov bürünc medal uğrunda görüşə çıxıb. Yaponiyalı altıqat dünya çempionu Soişi Haşimoto ilə görüşdən məğlub olan H.Heydərov çempionatı medalsız başa vurub.
Qeyd edək ki, Azərbaycan millisi hələ çempionatda medal hesabını aça bilməyib. Dünya çempionatı mayın 14-də başa çatacaq.