Futbol üzrə Türkiyə Superliqasının XII turunun növbəti görüşündə “Fənərbağça” komandası “Şükrü Saracoğlu” stadionunda “Alanyaspor”u qəbul edib.
NUHÇIXAN xəbər verir ki, oyun rəqib qapısından iki cavabsız top keçirən İstanbul təmsilçisinin qələbəsi ilə başa çatıb. Qarşılaşmada 19-cu dəqiqədə Anre Ayev, 31-ci dəqiqədə isə Mixael Frey fərqləniblər. Bu görüşdə “sarı-lacivərdlilər”in fransız ulduz Mathieu Valbuena məhsuldar ötürmə ilə yadda qalıb. Beləliklə, “Fənərbağça” bu mövsüm Türkiyə Superliqasında oynadığı altı matçdan sonra qalib gəlib. Bununla da xallarının sayını on üçə çatdıran İstanbul komandası turnir cədvəlində 13-cü yerə yüksəlib.
Turun bu gün keçirilmiş digər oyununda “Beşiktaş” komandası “Vodafon Park”da “Sivasspor”la üz-üzə gəlib. On birinci dəqiqədə ev sahiblərinin portuqaliyalı futbolçusu Rikardo Kvarejmanın ötürməsindən sonra Güven Yalçın hesabı açıb. Lakin qonaqların heyətində braziliyalı futbolçu David Braz 14-cü dəqiqədə hesabı bərabərləşdirib. Əlli üçüncü dəqiqədə isə Əmrə Kılıncın vurduğu top “Sivasspor”a qələbə qazandırıb.
Qonaq komandanın heyətində 70-ci dəqiqədə Robinhonun “Beşiktaş”a vurduğu qol, 75-ci dəqiqədə isə baş hakimin “Sivasspor”un qapısına təyin etdiyi 11 metrlik cərimə zərbəsi qərarı VAR sisteminin köməyi ilə araşdırıldıqdan sonra oyundankənar vəziyyətdə vurulduğuna görə ləğv olunub. Beləliklə, Şenol Günəşin komandası Superliqada növbəti dəfə xal itirib. Son dörd çempionat matçından üçündə məğlubiyyətə uğrayan “qara qartallar” hazırda 18 xalla yeddinci yerdə qərarlaşıb.
Hesabında 27 xal olan “Başakşəhər” çempionatda liderliyini davam etdirir. “Qalatasaray” 23 xalla turnir cədvəlində ikinci sıradadır. Oynanılan digər qarşılaşmada səfərdə “Bursaspor”u 2:1 hesabı ilə məğlub edən və 22 xal toplayan “Kasımpaşa” üçüncü pilləyə yüksəlib. Hesabında 21 xal olan “Yeni Malatyaspor” isə dördüncü yerdədir.