Tələbələr arasında “Vətən naminə" hərbi-idman oyunu keçirilib - FOTOLAR
Muxtar respublikadakı ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında "N" hərbi hissənin idman şəhərciyində hərbi-idman oyunu təşkil olunub.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, yarışda 48 tələbə iştirak edib. Hərbi-idman oyunu darağa patron doldurulması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açılması, fiziki hazırlıq (400 metr məsafəyə qaçış, turnikdə dartınma, qum kisəsi ilə 50 metr məsafəyə qaçış), maneələrin dəf olunması, intellektual müsabiqə mərhələlərindən ibarət olub.
Naxçıvan Dövlət Universitetinin komandası 130 xalla oyunun qalibi olub. Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri 111 xalla ikinci yerə sahib çıxıb. Naxçıvan Müəllimlər İnstitutunun komandası isə yarışı üçüncü yerdə tamamlayıb.
Komandalar və üzvləri təşkilatçılar tərəfindən kubok, diplom və fəxri fərmanlarla təltif olunublar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Əlahiddə Ümumqoşun Ordusu tərəfindən keçirilən "Vətən naminə" hərbi-idman oyununun məqsədi gənclərin vətənpərvər ruhda tərbiyə olunması, həmçinin yeniyetmə və gənclərin ordu sıralarına hazırlanmasıdır.