Naxçıvan idmançılarından uğurlu debüt - FOTOLAR
Türkiyənin İstanbul şəhərində Dünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO) tərəfindən "VIII Turkish Open WAKO World Cup" turniri keçirilib.
Naxçıvan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Kikboksinq Federasiyasının məşqçisi Etibar Qəribovun rəhbərliyi ilə muxtar respublikadan 3 idmançı Azərbaycan komandasının tərkibində yarışa qatılıb.
İnci Allahverdiyeva yeniyetmə qızların yarışında "low kick" versiyasında 60 kq çəki dərəcəsi üzrə 3 görüş keçirib. Yalnız final qarşılaşmasında məğlubiyyətlə üzləşən idmançımız gümüş medala layiq görülüb. Qənbər Nağıyev isə eyni versiya və çəkidə kişilər arasında bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan komandasının idmançıları yarışda 13-ü qızıl, 16-sı gümüş və 22-si bürünc olmaqla, ümumilikdə 51 medal əldə edib.
Qeyd edək ki, yarışa Türkiyə ilə yanaşı 35 ölkədən idmançılar qatılıb.