“İdmanla bir gün” layihəsi çərçivəsində açıq havada idman yarışları keçirilib - FOTOLAR
Naxçıvan şəhərinin Böyük Bağ adlanan istirahət güşəsində “Heydər Əliyev İli”nə həsr olunmuş “İdmanla bir gün” layihəsi reallaşıb. Naxçıvan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu məqsədlə parkın ərazisi idman ləvazimatları ilə təchiz olunub, iştirakçılar stolüstü tennis, badminton, qaçış, qol güləşi, ağırlıqqaldırma kimi idman növləri və bir sıra idman oyunlarında bacarıqlarını nümayiş etdiriblər.
Hər yarışda ilk üçlüyə sahib olan iştirakçılara diplom verilib. Nümunəvi çıxışları ilə tədbirə xüsusi rəng qatan gimnastika hamı üçün növü üzrə Naxçıvan komandasının idmançıları və məşqçisi fəxri fərmanla təltif edilib.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Naxçıvan Atletika Federasiyası və “Unikal Badminton Klubu” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən layihənin məqsədi idmana maraq və sevgini artırmaq, əhalini, xüsusən də gənc nəsli sağlam həyat tərzinə yönləndirmək, vaxtlarının səmərəli keçməsinə zəmin yaratmaqdır.