Naxçıvanda “Gimnastika hamı üçün” festivalı keçirilib - VİDEO
NUHÇIXAN xəbər verir ki, ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə muxtar respublikada ilk dəfə olaraq “Gimnastika hamı üçün” festivalı keçirilib.
Festival iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Festivalın açılış mərasimində ölkəmizdə bədii gimnastikanın inkişafından da bəhs olunaraq bildirilib ki, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın bu idman növünün inkişafına göstərdiyi diqqət və qayğı sayəsində bədii gimnastika yüksək inkişaf dövrünü yaşayır.
Diqqətə çatdırılıb ki, bədii gimnastika muxtar respublikada da inkişaf etdirilir. Naxçıvan Atletika Federasiyasının tərkibində fəaliyyət göstərən bədii gimnastika bölməsinin Naxçıvan Qızlar Liseyində, Naxçıvan Dövlət Texniki Kollecində, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Naxçıvan şəhər, Şərur, Babək, Ordubad, Kəngərli və Şahbuz rayonlarının məktəkdəndənkənar təhsil müəssisələrində 14 qrupu yaradılıb. Gimnastlar bir sıra ölkə və beynəlxalq səviyyəli yarışlarda uğurlu nəticələr əldə edirlər.
Sonra festivala start verilib.
İlk olaraq Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin “Xatun” komandasının üzvlərinin çıxışları izlənilib.
Festivalda Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Şərur, Babək, Ordubad, Kəngərli və Şahbuz rayon uşaq-gənclər idman məktəblərinin komandaları 100-ə yaxın gimnastla bədii kompozisiyalar və müxtəlif rəqs nömrələri nümayiş etdirib.
Azərbaycan Respublikası Atletika Federasiyasının yığma komandasının üzvü, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Bədii Gimnastika bölməsinin baş məşqçisi, İdman ustası Humay Qafarovanın ifasında kompozisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Festivalın yekun nəticələrinə əsasən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Parlayan ulduzlar”, Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin “Xatun” komandaları birinci, Şərur Rayon Uşaq-Gənclər İdman Məktəbinin “Sehirli ulduzlar” komandası ikinci, Ordubad Rayon Uşaq-Gənclər İdman Məktəbinin “Ay işığı” komandası isə üçüncü yerin qalibi olub.
Sonda festivalın qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının sədri Rəhman Məmmədov və Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı nümunəvi çıxışlarına görə gimnastları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar. Təşkilatçılar tərəfindən qaliblərə, tədbirdə iştirak edən gimnastlara və onların məşqçi–müəllimlərinə, medal, diplom, fəxri fərman və təşəkkürnamələr təqdim olunub.
Şəfa Səfərova