Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 10-17 noyabr-Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar muxtar respublikanın ali təhsil müəssisələrinin tələbələri arasında voleybol üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, olimpiya sistemi üzrə keçirilən birincilikdə 6 komanda mübarizə aparıb. Birinciliyin final görüşündə “Naxçıvan” və Naxçıvan Dövlət universitetlərinin komandaları üz-üzə gəlib. Daha baxımlı oyun sərgiləyən birincilər yarışın qalibi adını qazanıblar. Naxçıvan Müəllimlər İnstitutunun komandası isə muxtar respublika birinciliyini üçüncü pillədə başa vurub. Qeyd edək ki, qalib komandalar və komanda üzvləri noyabrın 16-da Gənclik Mərkəzində keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.