Naxçıvan Şahmat Mərkəzində keçirilən 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş şahmat üzrə muxtar respublika turnirinə yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, turnirdə şəhər və rayonları təmsil edən 83 şahmatçı mübarizə aparıb. İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarət olub.
Turnirin son turunda liderlər cədvəlində qərarlaşan beynəlxalq qrossmeyster Urfan Sevdimalıyev (2386) və FIDE ustası Pərviz Qasımov (2303) müvafiq olaraq Sadiq Qarayev (1740) və Əli Məmmədovla (1550) qarşılaşıblar. Bu tura kimi aktivlərində 7,5 xal olan hər iki zəka sahibi son turu da qələbə ilə başa vurub. Bununla da 8,5 xal toplayan şahmatçılar 1 və 2-ci yerləri bölüşüblər. Turnirin 2 nömrəli şahmatçısı, beynəlxalq usta Talıb Babayev (2333) son turda Ərturan İsmayılov (1428) üzərində qələbə qazanaraq 7 xalla turnirin üçüncüsü olub. 6,5 xal toplayan Elmar Süleymanlı, Sadiq Qarayev, Zahid Allahverdiyev və Tural Zeynalov 4-7-ci yerləri bölüşüblər.
Veteran şahmatçılar arasında Akif Əliyev (1536) 6,5 xalla qalib adını qazanıb.
Ən yaxşı qadın zəka sahibi adına isə Nəsrin Babayeva (1392) layiq görülüb. O, turnir ərzində 6 xal toplamağa müvəffəq olub.
Bununla yanaşı, turnirdə 4 yaş qrupu üzrə qaliblər (oğlan və qız şahmatçılar) də mükafatlandırılıblar. Belə ki, 8, 10, 12 və 14 yaşlı oğlanların mübarizəsində müvafiq olaraq Ramal Həsənov (1085), Zaur Babayev (1302), Seyid Hüseyn (1491) və Ərturan İsmayılov (1428) qalib adını qazanıblar.
Qızlar arasında isə Şahnaz Əlizadə (8 yaş), Nigar Qənbərli (10 yaş), Nəsrin Cəfərli (12 yaş) və Azərin Cəfərli (14 yaş) öz yaş qruplarında hamıdan güclü olublar.
Sonda qalib şahmatçılara hədiyyə və pul mükafatları verilib.