Naxçıvanda güclü şahmat məktəbi yaradılıb, bu idman növünə dövlət səviyyəsində dəstək verilir. Burada çox sayda gənc şahmatçılar yetişdirilir. Düşünürəm ki, Naxçıvanda şahmat idman növünün böyük gələcəyi var.
NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının iştirakçısı, Yunanıstan təmsilçisi qrossmeyster Kotronias Vasilios deyib.
“İlk dəfədir ki, Naxçıvanda təşkil olunan Beynəlxalq Şahmat Festivalında iştirak edirəm. Festivalda iştirak edənlərin çoxu dünyada tanınmış şahmatçılardır. Bu da festivalın təşkilatçılığının yüksək səviyyədə olduğundan xəbər verir”, – deyən Kotronias Vasilios bildirib ki, burada şahmatçılar üçün çox gözəl şərait yaradılıb, onlara diqqətlə yanaşılır.
Qrossmeyster vurğulayıb ki, festivalda iştirak edən şahmatçılarla hər dəqiqə maraqlanır və onlara xoş münasibət göstərirlər. “Bütün bunlara görə festivalın təşkilatçılarına minnətdarlığımı bildirirəm”, – deyə Yunanıstan təmsilçisi deyib.