Naxçıvan Atletika Federasiyasının idmançısı Əmrah Nağıyev şəxsi nəticəsini yeniləyib - FOTOLAR
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda, Əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunan atletika üzrə 26-cı beynəlxalq turnir keçirilir. Yarışa Azərbaycan, Türkiyə, Gürcüstan, Qırğızıstan və Omandan olan atletlər qatılıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, turnir çərşçivəsində qaçış yarışlarında iştirak edən Naxçıvan Atletika Federasiyasının idmançısı Əmrah Nağıyev 2 medal qazanmağa müvəffəq olub. Atletimiz 1500 metr məsafəyə qaçış növündə 4 dəqiqə 28.50 saniyə, 3000 metr məsafədə isə 9 dəqiqə 43.97 saniyə vaxt sərf etməklə rəqiblərini geridə qoyub. Bununla da təmsilçimiz hər iki məsafədə qızıl medal qazanıb və ötənilki nəticəsini (1 qızıl, 1 gümüş) yaxşılaşdırıb.
Qeyd edək ki, turnir Dünya Atletikasının Qlobal Təqviminə daxil edilib və bu yarışın nəticələri idmançıların dünya reytinq cədvəlində xal qazanması, qlobal miqyaslı tədbirlərə lisenziya qazanmaq imkanı baxımından yüksək dəyərləndirilir.