Voleybol üzrə kişilərdən ibarət komandalar arasında 2022-ci il dünya çempionatı Rusiyada keçiriləcək.
NUHÇIXAN Rusiya Voleybol Federasiyasına istinadla xəbər verir ki, Beynəlxalq Voleybol Federasiyasının konqresində 2022-ci il dünya çempionatına ev sahibliyi etmək istəyən ölkələrin namizədlikləri səsə qoyulub. Səsvermə nəticəsində Rusiyanın namizədliyi təsdiq edilib. Qeyd olunur ki, turnirin keçiriləcəyi şəhərlər və yarışların vaxtı 2019-cu ilin fevralında Beynəlxalq Voleybol Federasiyasının inzibati şurasında müəyyən olunacaq.
Voleybol üzrə dünya çempionatları hər dörd ildən bir keçirilir. Kişilərdən ibarət komandaların yarışları 1949-cu ildən, qadın yığmalarının turnirləri isə 1952-ci ildən təşkil olunur. Kişilər arasında turnirinin ikisi (1952, 1962) və qadın komandaların yarışlarının üçü (1952, 1962, 1978) SSRİ-də keçirilib.
Rusiya tarixində ilk dəfə voleybol üzrə dünya çempionatına ev sahibliyi edəcək.