III Avropa Oyunları: Boksçumuz Malik Həsənov ikinci döyüşündə məğlub olub

A- A A+

Polşada keçirilən III Avropa Oyunlarında boksçuların mübarizəsi davam edir.

NUHÇIXAN xəbər verir ki, boks yarışlarının üçüncü günüdə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Malik Həsənov (63,5 kq) çıxıb.

Birinci döyüşündə polşalı Bartlomey Roskoviçə qalib gələn təmsilçimiz səkkizdəbir finalda Din Klinsi (İrlandiya) ilə gücünü sınayıb. Görüş rəqibin 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28) qələbəsi ilə başa çatıb.

Bu gün daha iki boksçumuz yarışa qoşulacaq. Sərxan Əliyev (71 kq) Mixal Takacslə (Slovakiya), Məhəmməd Abdullayev (+92) Uğur Aydemirlə (Türkiyə) qarşılaşacaq.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: