Azərbaycan güləşçisi dünya çempionatının qızıl medalını qazanıb

A- A A+

Azərbaycan idmançısı Şamil Zubairov Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionu olub. NUHÇIXAN-a bildiriblər ki, Ş.Zubairov debütdə erməni güləşçisi Sarqis Hovsepyanı heç bir şans verməyib (11:4). Yığmamızın üzvü növbəti mərhələdə Qazaxıstan təmsilçisi qarşısında da çətinlik çəkməyib. Şamil Hindistan idmançısını da məğlub edərək adını yarımfinala yazdırıb. Yarımfinalda Ukraynalı güləşçi qarşılaşmada gərgin idman mübarizəsi yaşanıb. Matçın başa çatmasına 6 saniyə qalmış həlledici xalı qazanan Ş.Zubairov minimal fərqlə qalib gəlib. Həlledici görüşdə də gözəl oyun nümayiş etdirən təmsilçimiz dünya çempionu olub. Şamil Zubairov U-23 dünya çempionatları tarixində Azərbaycanın ilk qızıl medalını qazanıb. Yarışın altıncı günündə sərbəst güləş üzrə yığmamızın sonuncu dörd üzvü xalça üzərinə çıxıb. Ruslan Qasımov təsnifat mərhələsində özbəkistanlı həmkarına çətinliklə qalib gəlsə də, səkkizdəbir finalda Çin idmançısı ilə bacarmayıb. İsmayıl Abdullayev əvvəlcə qırğızıstanlı rəqibini məğlub edib. Ancaq yerli güləşçi ilə görüşdə hesab 2:2 olarkən zədələnən İ.Abdullayev yarışdan çəkilmək məcburiyyətində qalıb. Rəqib finala yüksəldiyindən idmançımız üçün bürünc medal qazanmaq fürsəti yaranıb. Amma təmsilçimizin zədəsi ona təsəlliverici görüşə çıxmağa imkan verməyib. Murad Süleymanov mundiala Ermənistan idmançısı üzərində qələbə ilə başlayıb. Növbəti görüşdə belaruslu pəhləvana qalib gələn M.Süleymanov yarımfinalda Rusiya nümayəndəsinə uduzub. Həmyerlimiz bürünc medal uğrunda görüşdə kanadalı rəqibini məğlub edərək üçüncü yeri tutub. Qeyd edək ki, bu, ikinci dəfə keçirilən U-23 güləşçilər arasında dünya çempionatında millimizin tarixində ilk qızıl medal olub. Ötən il Polşada keçirilmiş dünya çempionatında komandamız yalnız beş bürünc medal qazanmışdı.
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: