Olimpiya oyunlarında gümüş medal qazanan ağır atletimiz mükafatlandırılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin III Olimpiya oyunlarında gümüş medal qazanan Tərmenxan Babayevin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov qeyd edib ki, ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı, gənc idmançılar nəslinin yetişdirilməsi diqqətdə saxlanılan məsələlərdəndir. Yaradılan şəraitin nəticəsidir ki, bu gün Naxçıvan beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Bütün bunlar idmançıların təcrübə qazanmaları, peşəkar kimi formalaşmaları baxımından mühüm əhəmiyyət daşıyır. Yaradılan şərait gənclərin asudə vaxtlarının səmərəli təşkilinə və onların idman federasiyalarına cəlbinə də səbəb olub. Bu gün muxtar respublika idmançıları artıq ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirak edir, böyük uğurlara imza atırlar. Məhz belə idmançılarımızdan biri də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon ağır atletika bölməsinin yetirməsi Tərmenxan Babayevdir. O, bir çox beynəlxalq səviyyəli yarışlardan qalib kimi Vətənə dönüb. Bu ilin 6-18 oktyabr tarixlərində Argentinanın Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin III Olimpiadasında ikinci yerə layiq görülüb.
Nazir qazandığı uğur münasibətilə idmançımızı təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb, hədiyyəni ona təqdim edib.
Tərmenxan Babayev çıxışında bildirib ki, 2012-ci ildən bu idman növü ilə məşğul olur. Ötən müddət ərzində Avropa, dünya çempionatlarında, beynəlxalq turnirlərdə mübarizə aparıb və uğurlu nəticələr əldə edib. Bunun üçün o, muxtar respublikada idmanın inkişafı üçün yaradılan şəraitə borcludur. Tərmenxan Babayev deyib ki, bu gün mənə təqdim edilən hədiyyə Ali Məclis Sədrinin idmançılara nə qədər böyük diqqət və qayğı göstərdiyinin bariz nümunəsidir. Çalışacağam ki, Naxçıvanın idman ənənələrini beynəlxalq arenalarda bundan sonra da layiqincə təmsil edim.
Ağır atletimizin şəxsi məşqçisi Şəfi Hüseynov isə qeyd edib ki, bu gün Naxçıvanda gənclərimizin bu sahəyə cəlbi istiqamətində mühüm addımlar atılıb. İdmançılarımızın uğur qazanmaları üçün mütəmadi olaraq təlim-məşq toplanışları keçirilir, onların sosial məsələləri daim diqqətdə saxlanılır. Tərmenxan Babayevin böyük nailiyyətlər əldə etməsi və onun muxtar respublika rəhbəri tərəfindən mükafatlandırılması Naxçıvanda idmançılara verilən yüksək qiymətin ifadəsidir. İdmanın inkişafı üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığımızı bildiririk.