“Çendu-2021” universiadasının “Atletlər kəndi” rəsmən fəaliyyətə başlayıb

A- A A+

Çində Çendu şəhərində keçiriləcək 31-ci Dünya Yay Universiadasının “Atletlər kəndi” qapılarını idmançıların və heyət üzvlərinin üzünə açıb.

NUHÇIXAN xəbər verir ki, “Çendu-2021” Yay Universiadasında iştirak edəcək təxminən 11 min idmançının, heyət üzvünün yaşayacağı “Atletlər kəndi” Çendu Universitetinin kampusunda yerləşir. Universiadalar tarixində ilk dəfədir ki, “Atletlər kəndi” ali təhsil ocağının kampusunda yaradılıb.

Universiadanın təşkilat komitəsinin vitse-prezidenti Van Ciai bildirib ki, “Atletlər kəndi”ndə komanda üzvlərinin yaşayışı, qidalanması, istirahəti, habelə mədəni tədbirlər üçün lazımi şərait var.

Beynəlxalq Universitet İdmanı Federasiyasının (FISU) baş katibi və icraçı direktoru Erik Seyntrond “Atletlər kəndi”nin “Çendu-2021”in ən yaxşı miraslarından biri olacağını söyləyib.

Qeyd edək ki, cədvəl üzrə 2021-ci ildə keçirilməli olan 31-ci Yay Universiadasının vaxtı pandemiya səbəbindən “Tokio-2020” Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi ilə əlaqədar 2022-ci ilin iyununa təxirə salınmışdı. Amma ötən ilin mayında FISU “Çendu-2021” universiadasını daha bir il təxirə salmaq barədə qərar qəbul edib.

İyulun 28-də başlayacaq 31-ci Dünya Yay Universiadasında yarışlar 18 idman növü üzrə avqustun 8-dək davam edəcək. Azərbaycanı “Çendu-2021” Universiadasında 20 ali təhsil müəssisəsindən 18-27 yaş aralığında 88 idmançı 16 idman növündə təmsil edəcək. Azərbaycan komandasının bayraqdarı kişilərdə atlet Nazim Babayev, qadınlarda cüdoçumuz Gültac Məmmədəliyeva olacaq. Ölkəmiz universiadalar tarixində ilk dəfə ən böyük heyətlə təmsil olunacaq. Azərbaycan komandası iyulun 24-də Çinə yola düşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: