UEFA “Fair play” mükafatları laureatlarının adlarını açıqlayıb

A- A A+

UEFA 2017-2018-ci il mövsümünün nəticələrinə əsasən, “Fair play” mükafatına layiq görülən üç ölkənin adını açıqlayıb.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu ölkələr Finlandiya, Şimali İrlandiya və Farer Adalarıdır. Qaliblər “Fair play” reytinqinin lideri, ən mütərəqqi ölkə və ən yaxşı futbol azarkeşləri olan ölkə nominasiya üzrə müəyyən edilib.

İlk nominasiyada qalib olan Finlandiya mövsümün yekunlarına görə 8596 xal toplayıb. Şimali İrlandiya ən mütərəqqi ölkə nominasiyasında qalib elan edilib. Ən yaxşı azarkeşlərə malik ölkə nominasiyasında Finlandiya qalib gəlsə də, ilk nominasiyada birinci olduğundan bu mükafata Farer Adaları layiq görülüb. Hər üç milli assosiasiya 50 min dollar məbləğində mükafata sahib olub.

Federasiyalar bu məbləği ədalətli oyun qaydalarına əməl edən və ya bu layihədə iştirak edən peşəkar, yaxud həvəskar klublara verə bilərlər.

Azərbaycan 2017-2018-ci il mövsümünün yekunlarına əsasən “Fair play” reytinqində 43 ölkə arasında 31-ci yerdədir.

UEFA-nın konsepsiyasına görə, “Fair-play” idmanın uğurlu təbliğatının və inkişafının vacib elementidir və oyunların daha baxımlı olmasına kömək edir. Bu konsepsiyanı təbliği məqsədilə 1995-ci ildən etibarən müntəzəm olaraq mövsümi mükafatlar təyin edilir. Hər matçdan sonra xüsusi ardıcıllıqla hazırlanan hesabatlar baş arbitrlə razılaşdırılaraq, UEFA nümayəndəsi tərəfindən qiymətləndirilir. Reytinqdə UEFA turnirlərində ən azı 36 oyun keçirən komandalar nəzərə alınır.

2009-cu ilədək “Fair-play” göstəricilərinə görə ən yüksək reytinqli assosiasiyaya UEFA Kuboku turnirində iştirak üçün bir lisenziya verilirdi. Digər iki vəsiqəyə isə 8000 və ya daha çox reytinq xalına sahib assosiasiyalar layiq görülürdü. “Fair-play” göstəricilərinə görə verilən lisenziyalara layiq görülən komandalar seçmə mərhələdə uğurla çıxış edib avrokubokların qrup mərhələsinə yüksəldikləri halda, həmin lisenziyalar onlardan sonra ən yaxşı nəticə göstərən klublara verilirdi.

2015-2016-cı illər mövsümündən etibarən UEFA “Fair play” göstəricilərinə görə qitə turnirlərinə lisenziyaların verilməsi qaydalarını ləğv edib. “Fair play” reytinqinə əsasən, üç nominasiya üzrə mükafatın təyin edilməsi qərara alınıb. Qaydalara görə, hər hansı federasiya birdən çox nominasiya üzrə qalib elan edilə bilməz. Reytinq altı meyara - sarı və qırmızı vərəqələrin sayı, təmiz oyun, rəqibə və hakimə hörmət, komanda nümayəndələrinin və azarkeşlərin davranışlarına əsasən tərtib olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: