Bakının “Neftçi” klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bosniya və Herseqovinada "Jelezniçar" komandasının qonağı olub.
NUHÇIXAN xəbər verir ki, "Jelezniçar" klubunun start heyətində Edis Mulaliç, Aleksandar Kosoriç, Amar Drina, İrfan Yaşareviç, Nedim Mekiç, Edin Biber, Süleyman Krpiç, Andriya Drlyo, Cozef Amoa və Cenan Haraçiç yer alıblar.
Bakı təmsilçisinin heyətində isə meydana İvan Brkiç, Mark Tamaş, Kenni Sayef, Azər Əliyev, Emin Mahmudov, Filip Ozobiç, Kilan Lebon, Eddi İsrafilov, Ataa Cabir, Ömər Buludov və Yuri Matias çıxıblar.
“Qrbavitsa” stadionunda keçirilən matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Matçın 14-cü dəqiqəsində hesabı açan Cenan Haraçiç meydan sahiblərini hesabda önə keçirib. Bakı təmsilçisi oyunun 42-ci dəqiqəsində Kilan Lebonun qolu ilə hesabı bərabərləşdirib. “Jelezniçar” klubu 45+10-cu dəqiqədə yenidən üstünlüyü ələ keçirib. Komandanın heyətində Cozef Amoa fərqlənib. Qarşılaşmanın 90+4-cü dəqiqəsində "Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev hesabı bərabərləşdirib.
Bu cütün qalibinin üçüncü təsnifat mərhələsindəki rəqibi "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) duetinin güclüsü olacaq.