Şahmatla 5 yaşından məşğul olan idmançı bir neçə turnir və çempionatlarda iştirak edib. Məqsəd bundan sonra daha yaxşı nəticələr əldə etməkdir .
NUHÇIXAN xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının iştirakçısı, Ordubad Şahmat Məktəbinin 12 yaşlı yetirməsi Hüseyn Seyid deyib.
“Muxtar respublikada belə yüksək səviyyəli yarışların keçirilməsi məni çox sevindirir. Yarışda dünyada tanınmış şahmatçıların iştirak etməsi, biz yeniyetmə və gənclərin bu idman növünə olan marağını daha da artırır”, – deyən 12 yaşlı şahmatçı qeyd edib ki, buraya gələn dünyanın tanınmış şahmatçıları ilə görüşmək, söhbət etmək, onların oyun üslubları ilə tanış olmaq maraqlıdır.
Hüseyn Seyid Ordubad Şahmat Məktəbi barədə də danışaraq deyib ki, şahmatın sirlərini məşqçi-müəllimləri Lamiyə Məmmədovadan, şahmat üzrə ustalığa namizəd Fətulla Həmdiyevdən və ali kateqoriyalı məşqçi-müəllim, FIDE ustası Sabir Hüseynovdan öyrənib. İlk qələbəsini rayonda qazanıb, sonra muxtar respublika, daha sonra isə ölkə üzrə keçirilən yarışlarda fərqlənib. Dəfələrlə Naxçıvan Muxtar Respublikasının çempionu olub. Azərbaycan çempionatının zona birinciliyində uğur qazanıb, final mərhələsinə vəsiqə əldə edib. Səkkiz yaşlı şahmatçılar arasında ikinci yeri tutan Hüseyn Xorvatiyada keçirilən Avropa çempionatına vəsiqə qazanıb. O, 2016-cı ildə 10 yaşadək şahmatçıların final yarışında üçüncü yeri tutub.
Ötən ilin may ayında Naxçıvan şəhərində keçirilən “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalında 12 yaşadək şahmatçılar arasında Hüseyn Seyid 6 qələbə və 3 heç-heçə ilə qrup qalibi olub. Şahmatçıya Azərbaycan Şahmat Federasiyasının kuboku və qiymətli hədiyyə təqdim edilib. İyun ayında Naxçıvan Şahmat Mərkəzində yeniyetmə və gənc şahmatçılar arasında keçirilən təsnifat yarışında 32 zəka sahibinin qələbə uğrunda mübarizəsində Hüseyn Seyid 7 oyundan 6 qələbə və bir heç-heçə ilə 6,5 xal toplayaraq birinci yeri tutub. Bundan bir neçə gün sonra Bakı şəhərində keçirilən 10 yaşadək şahmatçıların final görüşündə 12 şahmatçı arasında 3-cü və 4-cü yerləri bölüşdürüb. Bakıda məşhur Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirində 72 şahmatçı arasında 9 mümkün xaldan 7 xal toplayan Hüseyn Seyid ümumi hesabda üçüncü nəticə göstərib. 2018-ci ildə Mingəçevir şəhərində uşaq, yeniyetmə və gənclər arasında şahmat üzrə Azərbaycan birinciliyinin seçmə yarışlarında 12 yaşlı oğlanlar arasında Hüseyn ikinci yeri tutaraq finala vəsiqə qazanıb.