Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün III mərhələ başlayacaq.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov ispaniyalı Hayme Santosla qarşılaşacaq.
Millinin digər üzvü Nicat Abasovun rəqibi Niderland təmsilçisi Aniş Giri olacaq. Üçqat Avropa çempionu Rauf Məmmədov FİDE adından çıxış edən vitse-dünya çempionu Yan Nepomnyaşi ilə mübarizə aparacaq.
Digər iki şahmatçının rəqibi ABŞ təmsilçiləridir. 20 yaşlılar arasında dünya çempionu Abdulla Qədimbəyli Rey Robsonla üz-üzə gələcək. Qədir Hüseynov isə Lenyer Domingeslə yarışacaq.
Mübarizəni davam etdirən Azərbaycanın yeganə xanım şahmatçısı Ülviyyə Fətəliyeva III mərhələnin ilk görüşündə ağ fiqurlarla çıxış edəcək. Avropa çempionatının bürünc mükafatçısı bu mərhələdə çinli dünya çempionu Yu Vençjunu üstələməyə çalışacaq.
Qeyd edək ki, oyunlar saat 15-00-da başlayacaq.