“Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün növbəti oyununu keçirəcək.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı sonuncu matçında Latviyanın “Riqa” klubu ilə üz-üzə gələcək.
“Salaspils İdman Arenası”nda oynanılacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qrupun digər matçında Türkiyənin “İstanbul Şişli” klubu Almaniya təmsilçisi “Yan Regensburq”u sınağa çəkəcək.
Qeyd edək ki, ilk iki turdan sonra hərəyə 6 xalı olan “Riqa” birinci, “Araz-Naxçıvan” ikinci pillədə qərarlaşıb. Latviya klubu qol nisbətinə görə təmsilçimizi üstələyir. Xalı olmayan “Yan Regensburq” və “İstanbul Şişli” kollektivləri isə müvafiq olaraq 3-4-cü yerləri bölüşdürürlər.
Növbəti mərhələyə qrup qalibləri və ən yaxşı göstəriciyə malik qrup ikincisi vəsiqə qazanacaq.
UEFA Çempionlar Liqası
A qrupu
26 avqust
18:00. “Riqa” (Latviya) – “Araz-Naxçıvan” (Azərbaycan)
Hakimlər: Arttu Kyinaeraeinen (Finlandiya), Martina Pikkolo (İtaliya), Georgios Kozakos (Kipr)
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)