“Aston Martin” şirkəti Formula 1 üçün mühərriklər istehsal etmək planından imtina edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Endi Palmer məlumat verib.
“Aston Martin” bu qərarından əvvəl Kral yürüşləri üçün mühərriklərin istehsalı imkanlarını nəzərdən keçirirdi. “Liberty Media”nın sahibi də mühərriklərdə olacaq əsaslı dəyişikliklər barədə məlumat vermişdi. Bununla belə, 2021-ci ildən etibarən Formula 1 bolidləri üçün daha gurultulu və sadələşdirilmiş mühərriklərin hazırlanması planı boşa çıxıb.
“Aston Martin” şirkətinin icraçı direktoru Endi Palmer “Reuters” agentliyinə müsahibəsində bildirib: “Formula 1 yarışlarının reqlamentinin dəyişəcəyi məlum olduğunda, biz öz mühərrikimizi hazırlamaq qərarına gəldik. Lakin “Liberty Media” öz fikrini xeyli dəyişdi və bu səbəbdən planımızı ləğv etdik”.
Palmer, həmçinin “Aston Martin”in titullu sponsoru olduğu “Red Bull” komandasının “Renault” mühərrikindən “Honda”ya keçməsi məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, “Red Bull” qərarları sərbəst şəkildə verir, şirkət isə onları qeyd-şərtsiz olaraq dəstəkləyir.