Naxçıvanda keçirilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalı yüksək səviyyədə təşkil edilib.
NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində festivalın iştirakçısı, İran təmsilçisi qrossmeyster Ehsan Gaem Məqami deyib.
İranlı qrossmeyster qeyd edib ki, əvvəllər azərbaycanlı şahmatçılardan Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və başqaları ilə bəzi turnirlərdə üz-üzə gəlib, bəzən eyni qrupda mübarizə aparıblar. Onun fikrincə, Azərbaycanda çox güclü şahmatçılar var. Bu cür yarışların qədimliyi və müasirliyi ilə seçilən Naxçıvanda keçirilməsi burada yetişən yeni nəsil şahmatçıların təcrübəsinin daha da artmasına səbəb olacaq.
“Naxçıvan bu il İslam Mədəniyyətinin Paytaxtıdır və öyrəndim ki, həm də Azərbaycanın Gənclər Paytaxtıdır. Ulu Naxçıvan buna layiqdir. Onu da qeyd edim ki, buranın çox gözəl təbiəti var, qədim Naxçıvan insanı valeh edir. Hər tərəf yaşıllıqlarla, gülkarlıqlarla əhatə olunub. Burada bizim rahatlığımız üçün hər cür şərait yaradılıb. Bütün bunlara görə zəhməti olan hər kəsə minnətdaram”, - deyə Ehsan Gaem Məqami bildirib.