Dekabrın 2-də futbol üzrə Türkiyə Superliqasının XIV turunda İstanbul derbisi oynanılıb. Çempionatda 21 xalla altıncı sırada qərarlaşan "Beşiktaş" komandası "Vodafon Park" stadionunda 24 xalla üçüncü pillədə yer alan "Qalatasaray"ı qəbul edib. NUHÇIXAN xəbər verir ki, turun maraqla gözlənilən və çempionluq uğrunda yarışan komandaların qarşılaşması 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı matçın 18-ci dəqiqəsində "Beşiktaş"ın futbolçusu Adem Ljajic açıb. Həmin epizodda oyunun baş hakimi Cüneyt Çakır videonəzarət sistemindəki (VAR) hakimlərlə məsləhətləşdikdən sonra Adem Ljajicin cərimə zərbəsindən vurduğu topun "Qalatasaray"ın hücumçusu Eren Derdiyokun əlinə dəydiyini bildirib və qonaqların qapısına penalti təyin edib. Adem Ljajic zərbəni dəqiq yerinə yetirərək oyunda hesabı açıb. İlk hissə "ağ-qaralar"ın 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Fasilədən sonra da oyun beşiktaşlıların hücumları şəraitində keçib. 62-cı dəqiqədə "Beşiktaş"ın hücumu zamanı Rikardo Kvarejmanın vurduğu top qapıdan keçsə də, oyunun baş hakimi qolun oyundankənar vəziyyətdə vurulduğunu bildirib və onu qeydə almayıb. Bundan dörd dəqiqə sonra isə qalatasaraylı Henri Onyekuru rəqibi Necib Uysalı keçmək istəyərkən yerdə qalıb və baş hakim ev sahiblərinin qapısına penalti təyin edib. Lakin hakim həmin epizoda VAR monitorunda baxdıqdan sonra penalti qərarını dəyişdirib. Bu qələbədən sonra hesabındakı xallarının sayını 24-ə çatdıran Şenol Günəşin komandası turnir cədvəlində eyni xala malik "Qalatasaray"ı top fərqinə görə qabaqlayaraq üçüncü pilləyə yüksəlib. Bir sıra gərgin anlarla yadda qalan görüşdə matçın referisi futbolçulara ümumilikdə 8 sarı kart göstərib.