Azərbaycan Premyer Liqasının VII turunda “Səbail”lə qarşılaşacaq “Araz-Naxçıvan”ın zədəli futbolçuları sağalıblar.
NUHÇIXAN-ın məlumatına görə, müdafiəçi Abdulla Rzayev və yarımmüdafiəçi Vadim Abdullayev artıq sıraya dönüblər.
Hər iki oyunçu bu gün baş tutacaq məşqdə iştirak edəcək. Komanda Bakı Olimpiya Stadionunun ehtiyat meydanında hazırlaşır. A.Rzayev U-21 yığmasının heyətində olarkən, V.Abdullayev isə ötən turda “Neftçi” (1:0) ilə görüşdə zədələnmişdi. Əvəzedicilərin oyununda zədələnən əsas komandanın üçüncü qapıçısı Vüsal Şabanov isə bir müddət müalicə olunacaq.
Qeyd edək ki, “Səbail” – “Araz-Naxçıvan” oyunu sentyabrın 24-də “ASCO Arena”da keçiriləcək.