İngiltərə Premyer Liqası: “Liverpul” ardıcıl 5-ci qələbəsini qazanıb, London derbisində heç-heçə olub

A- A A+

İngiltərə Premyer Liqasının 6-cı turunda “Liverpul” ardıcıl 5-ci qələbəsini qazanıb, “Arsenal” – “Tottenhem” matçında isə qalib müəyyənləşməyib.

NUHÇIXAN xəbər verir ki, “Liverpul”la Londonun “Vest Hem”i arasında oyun “Enfild”də baş tutub.

Oyunda birinci qolu “qırmızılar” vurub: 16-cı dəqiqədə Məhəmməd Salah qazandığı penaltidən fərqlənib. Birinci hissənin sonlarına doğru, 42-ci dəqiqədə, londonlular status-kvonu bərpa ediblər: çexiyalı Vladimir Soufalın dəqiq ötürməsindən sonra Carrod Bouen topu başla qapıya göndərib. Oyunun birinci hissəsi 1:1 hesabla bitib. İkinci hissə isə Mersisayd təmsilçisinin böyük üstünlüyü ilə keçib. 60-cı dəqiqədə Aleksis Mak Allisterin dəqiq hava ötürməsindən sonra Darvin Nunyes topu rəqibin qapısına yönləndirib – 2:1. 85-ci dəqiqədə küncdən zərbədən sonra Vircil van Deyk topu başla Dioqu Jotaya göndərib, portuqaliyalı futbolçu isə yaxın məsafədən topu tora qovuşdurub. Beləliklə, “Enfild”dəki matç ev sahiblərinin inamlı qələbəsi, həmçinin “Liverpul”un Premyer Liqada ard-arda 5-ci qələbəsi ilə başa çatıb.

“Emireyts” stadionunda baş tutan “Arsenal” – “Tottenhem” matçında da 4 qol vurulub. London derbisində hesab 26-cı dəqiqədə Kristian Romeronun avtoqolu ilə açılıb – 1:0. Oyunun birinci hissəsinin sonunda, 42-ci dəqiqədə, koreyalı Son Hın Min hesabı bərabərləşdirib. Ona məhsuldar ötürməni Ceyms Meddison edib. Oyunun birinci hissəsi 1:1 və xeyli sayda xəbərdarlıqlarla bitib: komandaların passivinə ümumilikdə 4 sarı kart yazılıb. İkinci hissədə “topçular” yenidən irəli çıxıblar: 54-ci dəqiqədə Bukayo Saka penaltini qola çevirə bilib. Bununla belə, “mahnızlar” 55-ci dəqiqədə Son Hın Minin sayəsində tarazlığı bərpa ediblər – 2:2. Beləliklə, matç 2:2 hesabı ilə başa çatıb.

Londonun digər komandası “Çelsi” isə ardıcıl 3-cü dəfə xal itirib. “Zadəganlar” öz meydanlarında Birmingemin “Aston Villa”sına minimal hesabla məğlub olublar – 0:1. Oyunda yeganə qolu 73-cü dəqiqədə ingiltərəli Olli Uotkins vurub. Qeyd edək ki, londonlular 58-ci dəqiqədən azlıqda qalıblar. Malo Güsto birbaşa qırmızı kart alaraq oyundan qovulub.

Qeyd edək ki, London derbisindəki bərabərlik “Liverpul”a üstünlük qazandırıb. Hazırda “qırmızılar” ikinci pillədə qərarlaşıb və onların ən yaxın təqibçisi “Brayton”dan 1, adı çəkilən London klublarından isə hərəyə 2 xal ayırır. Çempionatın lideri isə “Mançester Siti”dir. “Şəhərlilər”in aktivində 18 xal var və Yurgen Kloppun yetirmələrindən cəmi 2 xal ayırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: