Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov voleybol ictimaiyyəti ilə görüş keçirib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində voleybol ictimaiyyəti və idmançılarla görüş olub.
Naxçıvanda voleybolun inkişafına ümidlərin böyük olduğunu vurğulayan Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti ölkə başçısının rəhbərliyi ilə uğurla davam etdirilir. Federasiya prezidenti bu sahədə qazanılan nailiyyətlərdən bəhs edib. Azərbaycan voleybolunun dünya səviyyəsində tanındığını, rəğbət göstərildiyini deyən Şahin Bağırov əsas məqsədin ölkəmizdə voleybolun davamlı inkişafını təmin etməkdən ibarət olduğunu bildirib.
Tədbirdə Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev, yeniyetmə və gənc qızlardan ibarət milli komandamızın baş məşqçisi Şahin Çatma və Azərbaycan Voleybol Federasiyasının nümayəndələri iştirak ediblər. Görüş zamanı qarşıdakı planların icrasında müvafiq qurumlarla əməkdaşlıq halında işlərin davam etdiriləcəyi, xüsusən məşqçilərin peşəkarlıq səviyyəsinin artırılması, istedadlı voleybolçu nəslinin formalaşdırılması və digər meyarlar üzrə addımlar atılacağı ictimaiyyətin diqqətinə çatdırılıb.
Tədbirin ardınca kişi voleybolçulardan ibarət Naxçıvan yığma komandasının üzvləri arasında yoldaşlıq görüşü izlənilib.
Oruc Mirzəyev